Azərbaycanın məhkəmə sistemində bir sıra ictimai-siyasi fəallar haqqında hökm çıxarmış, adı insan haqlarını pozan şəxslərin sırasına yazılmış şəxslərdən biri də Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovdur.
41 il hakimlik etmiş Ə.Seyidov keçmiş müdafiə naziri Rəhim Qazıyev haqqında ölüm hökmü, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazmış Qiyas İbrahimova 10 il, dövlət çevrilişində suçlanan Səid Dadaşbəyliyə 14 il həbs cəzası çıxaran hakimdir. Ənvər Seyidov “Səid Dadaşbəyli” işinə görə həbs olunan gənclərin yaxınlarına hələ məhkəmə zamanı günahsız olduqlarını söyləmişdi. Demişdi ki, övladlarının günahsız olduğunu bilir. Amma Ənvər Seyidov ittihamın saxtalığını bilə-bilə milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb və xahiş edib ki, gəncləri həbsə alan Anti-Terror Mərkəzinin rəhbərliyi də daxil olmaqla əməkdaşları mükafatlandırılsınlar.
Ənvər Seyidovun bioqrafiyasında qanunsuz, sifarişli hökmlər çox olub. Onu Eldar Mahmudovun mürdəşiri də adlandırırdılar. Ənvər Seyidov açıqlamasında bildirmişdi ki, jurnalistlərə qıcıq olur, açıqlamaları, müsahibələri sevmir. Çünki qanunsuz hökmlərlə bağlı suallara cavab vermək xoşuna gəlməyib. Maraqlı məqam həm də bundan ibarətdir ki, Ənvər Seyidov koma vəziyyətinə düşəndə hamı sevinirdi, insanlar bunu ilahi ədalət hesab edirdi. Üstəlik, vəziyyət elə gətirdi ki, Ənvər Seyidov özü məhkəmə yollarına düşdü. Səbəb isə ona verilən təqaüdün az olmasıyla bağlı idi. Özü saysız-hesabsız ədalətsiz hökmlər çıxaran adam, məhkəmədən ədalət tələb edirdi