Ramella Bir dövlətin, bir xalqın ən böyük sərvəti ədalətli məhkəmənin varlığıdır. Əgər bir ölkədə ədalətli məhkəmə yoxdursa, heç kimin sığortası yoxdur. Uzun illərdi Azərbaycanda məhkəmə sistemi hakimiyyətin cəza aparatına, repressiya alətinə çevrilib. Minlərlə insan saxta ittihamlarla həbs edilib, günahsızlığı sübuta yetirilsə də, məhkmənin qərarı siyasi sifarişə uyğun olub. Qeyri-siyasi işlərdə də pul qarşılığında məhkəmədən istədiyin qərarı ala bilərsən. Hesab edirik ki, cəmiyyət öz vəzifəsinə xəyanət edən, insanların şərlənməsini rəsmiləşdirən hakimləri də tanımalıdır. Hüquq müdafiəçilərinin “qara siyahı”ya saldığı şəxslərdən biri də Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Ramella Allahverdiyevadır.
Bu xanım hakimə qanunları pozduğu, ədalətsiz qərarlar çıxardığı üçün hüquq müdafiəçiləri “zolaqlı mantiya” veriblər. Ramella Allahverdiyeva ilk dəfə Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı çıxardığı hökmlə diqqət çəkmişdi. Həmin hökmlə 3 azərbaycanlı ömürlük cəzaya, 1-i isə uzunmüddətli həbsə göndərildi. Halbuki hakim Ramella Allahverdiyevanın özünə də gün kimi aydın idi ki, ömürlük həbsə göndərdiyi 20-22 yaşlı uşaqların törədilən terror aktı ilə əlaqələri olmayıb. Daha sonra bu “ədalət mələyi” jurnalist Əvəz Zeynallıya, Xədicə İsmayıla hökm oxuyub. AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun sifarişlə, Əli Kərimliyə təzyiq vasitəsi kimi həbs edildiyi heç kimə sirr deyildi. Amma Ramella Allahverdiyeva Elnur Seyudovun 7 il 6 ay müddətinə həbsə məhkum etdi. Bu ədalətsiz qararlar nəticədində günahsız insanların təkcə azadlığı deyil, sağlamlağı da məhv olur, ailələri psixoloji sarsıntı keçirir və.s Yəni, saxta qərarlara imza atan hakimlər əslində ən böyük cinayətə, anti-insani fəaliyyətə yol verirlər. Belə prinsipsiz adamlar ədalət kürsüsündə əyləşməməli, məsuliyyətə cəlb olunmalıdır.