Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədov da fürsətdən yararlanıb, var-dövlət sahibi olanlardandı.
Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1.825.000 dollar olan üçotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3.5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib. Müqaviləyə görə Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova Nyu-York, Manhatten, 243 W 60th St APT 3B ünvanındakı mənzil üçün məbləğin ilkin 182.500 dollarını onu imzalayarkən, qalan 1.642.500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi. Amma hansısa səbəbdən alqı-satqı təxirə düşüb. Oqtay Əsədovun restoranları, mülkləri, barları, hətta saunası belə var. Həyat yoldaşı Zemfira Əsədova Bakıda yerləşən 175 nömrəli Şənlik uşaq bağçasının müdirəsi olduğu günlərdə Moskvada sauna işlədib. “Kapriz” adını daşıyan sauna şəxsən Zemfira Əsədovanın öz adına qeydiyyatdan keçiririlib. Məlum olmuşdu ki, Zemfira Əsədova təkcə “Kapriz”dən 1 ilə 130 min dollar qazanır. Əsədovlar Rusiya paytaxtında Avropanın ən hündür yaşayış binası olan “Triumph Palace”da məskunlaşıblar. Eks-spikerin həyat yoldaşı Zemfira Əsədova bu binada dəyəri 10 milyon manata yaxın olan 2 lüks mənzilin sahibəsidir. “Arizarum Qrup” MMC-də Əsədovun həyat yoldaşına məxsusdur. Qızları Nərminə və Nigar Bakıda bahalı geyimlər satan mağazalara, uşaq bağçalarına, restoranlara rəhbərlik edirlər. “Yeni Nəfəs” akademiyası, “Yeni Nəfəs” uşaq bağçası, “Mozaik Group” brend geyimlər şirkəti, Sumqayıtda olan “Azkompozit” zavodu eks-spikerin ailə biznesinin görünən tərəfidir. Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb. Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgəsində 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar. Əsədovlar ailəsinin Dubayda və Türkiyədə də dəbdəbəli mülklər aldığı barədə məlumatlar var. “ANT MTK”da Oqtay Əsədova məxsusdur. Bu şirkət Bakıda onlarla hündürmərtəbəli binalar tikib. Araşdırmaçı jurnalist Cavanşir Həsənli də Oqtay Əsədovun biznes şəbəkəsini araşdırıb və aşağıdakı siyahını yayımlayıb.
1. “ARIZARUM GRUPP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “АРИЗАРУМ ГРУПП”) 1998-ci il yanvarın 14-də 10 min rubl nizamnamə kapitalı ilə Rusiya paytaxtında Bakinskaya 29 ünvanında Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Şirkət restoran biznesini əhatə edir, 2018-ci il maliyyə hesabatına görə gəliri 13 984 000,00 rubl təşkil edib. Moskvadakı məşhur “KAPRİZ” gecə klubu bu şirkətə aiddir. Şirkətin baş direktoru Larisa Nazarovadır.
2. “KASMET” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “КАСМЕТ”) 2005-ci ilin iyunun 2-də Həştərxanda 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin pay bölgüsü üzrə hissələtin 34 faizi Əsədov Namiq Oqtay oğluna aid olub. Şirkətə qiymətli metalların (o cümlədən qızıl), daşların işlənməsi, emalı ilə məşğul olmaq üçün lisenziya verilib. Şirkət 2018-ci ilin aprelində ləğv edilib.
3. “GEO STRETCHEN” LTD (შპს ჯეო სტრაქშენ) 2015-ci noyabrın 15-də Tiflis, Didgori bölgesi, S.Tavkisi ünvanında 454410236 saylı lisenziya ilə hüquqi qeydiyyata alınıb. Şirkətin 37.5 faizi Namiq Əsədovun, 25 faizi Lyama Abbasbəylinin, 37.5 faizi isə Gürcüstan vətəndaşı Gia Akhobadzeyə aiddir.
4. “AZİTAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı ilin iyununda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə Oqtay Əsədovun qardaşı Əsədov Nazim Sabir oğlunun adına qeydiyyatdan keçirilib. Eyni adda mebel fabriki fəaliyyət göstərir.
5. AZƏR-İNŞAAT-2017 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci ilin oktyabrında qeydiyyatdan keçirilib. Şirkət tikinti biznesi ilə məşğuldur. Qanuni təmsilçisi Əsədov İlham Sabir oğludur.
6. OPTİMA-AZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci ilin noyabrında 2 saylı Ərazi Baş Vergilər İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Oqtay Əsədovun qardaşı oğlu Rəşad Nazim oğlu Əsədovdur. Xırdalan şəhəri, Şamaxı şossesi 2 ünvanında hüquqi qeydiyyatdadır. Şirə və suların istehsalı ilə məşğuldur. Kimyəvi qatqıları əsasən Peterburqdakı şirkətlərdən birindən ( ООО КОМБИНАТ ХИМИКО-ПИЩЕВОЙ АРОМАТИКИ) əldə edir.
7. ELSU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin yanvarında 50 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi spikerin qardaşı oğlu Rəşad Əsədovdur. Mineral su istehsalı ilə məşğuldur. Milli Məclisdə süfrələrin “bəzəyi”dir.
8. BUTA STONE MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2012-ci ilin avqustunda Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Qanuni təmsilçisi Oqtay Əsədovun oğlu Namiq Əsədovdur. Hüquqi ünvanı Nizami rayonu Bəkir Çobanzadə küçəsi ev 73-dür. Tikinti sahəsində fəaliyyət göstərir, bahalı kafel, melax, üzlük daşların idxalı və satışı sahəsində ixtisaslaşıb. Şirkətin ofisi Babək prospektindəki Babək Plaza Biznes Mərkəzində yerləşir.
9. AZMECO İNŞAAT MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə qeydiyyatdan keçib, qanuni təmsilçisi Əsədov Namiq Oqtay oğludur. Bu şirkət də tikinti sahəsində fəaliyyət göstərir, hüquqi ünvanı Yasamal rayonu, Abdulla Şaiq küçəsi 13-dür.
10. AZMECO GREEN HOUSES MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ilin iyununda Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi Namiq Oqtay oğlu Əsədovdur. Park və villaların tikintisi ilə məşğuldur. 2015-ci ildə Beynəlxalq Bank qalmaqalına görə həbs edilmiş işadamı, Metanol zavodunun sahibi (AzMeCo) əsas tərədaşlarlndan olub.
11. BRAVOİL EOOD (MMC) Bolqarıstanda fəaliyyət göstrir, təsisçisi Rəşad Əsədovdur.
12. ARAŞ MEDİCAL MMC-nin təsiçisi Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olması barədə iddialar dekabrda Milli Məclisin yaydığı açıqlamada təkzib olunub. Bundan bir qədər əvvəl isə, yəni ötən ilin sentyabrında Vergilər Nazirliyinin reyestr məlumatlarında bu şirkətin qanuni təmsilçisi ilə bağlı dəyişikliklər edilib.