23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Onun gəmirici dişi 1 milyon dollardır!

Baş nazirin birinci müavini Yaqub Eyyubovla bağlı araşdırmalar göstərir ki, bu adamın biznesi qlobal xarakter daşıyır.  “Dostluq” ordenini şimaldan alsa da, biznesini qərbdə böyüdür. Bu yaxınlarda məlum oldu ki, Yaqub Eyyubovun oğlunun 1 milyard dollar puluna Latviyada həbs qoyulub. Daha əvvəl isə aşkar edilmişdi ki, 2012-ci il oktyabrın 11-də “pulyuyan maşın”ı formalaşdıran dörd şirkətdən biri olan “Metastar Invest LLP” ABŞ-ın ən yaxşı xəstəxanalarından biri – “Johns Hopkins Medicine”ə 178.33 dollar ödəyib. Panama sənədləri ilə yanaşı  Macarıstan arxivlərindən əldə olunan sənədlər də göstərir ki, Eyyubovun ailəsi “Metastar”dan tibbi xidmətlərdən başqa işlər üçün də istifadə edib (Panama sənədləri “Mossak Fonseka” tərəfindən Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızdırılan və Araşdırmaçı Jurnalistlər Konsorsiumu və “OCCRP” ilə paylaşılan sənədlərdir). 2012-ci il iyulunda “Metastar” Britaniya Vircin adalarında qeydiyyatdan keçən “Velasco International Inc” adlandırılan şirkətin Macarıstandakı bank hesabına ümumi məbləği 7.6 milyon dollar olan çoxsaylı ödənişlər edib.

Sızdırılan bank sənədləri göstərir ki,  Yaqub Eyyubovun Azərbaycanın “pulyuyan maşın”ının mərkəzindəki şirkətindən istifadə edərək, on min dollarlarla dəyəri olan tibb xərclərini ödəyib. Bank sənədlərində aşkar olunub ki, bu ödənişlər üçün edilən pulun bir hissəsi  Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan “Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində köçürülüb. Bu ödənişlərin nə üçün edildiyi məlum deyil.

Baş nazirin oğlu  Orxan Eyyubov Kanada vətəndaşıdır. Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi böyük villayla mətbuatın diqqətini çəkmişdi. Avropada daşınmaz əmlak biznesi ilə məşğul Eyyubov, Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var. Jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib. 898961-3 saylı federal şirkətlə bağlı bilgilərdə qeyd olunur ki, Canada Ltd (841992399RC0001 saylı biznes nömrə) 2014-cü ilin avqustun 15-dən Ontario əyalətinin Mississauga şəhərində fəaliyyət göstərir. Hazırki ünvanı Mississauga, Burnhamthorpe Road West 900 / 50-dir. O, özünün ilk şirkətini UNIFOOD LIQUORS (UK) LIMITED-i hələ 2009-cu ilin iyunun 9-da İngiltərədə Berkshire-də qeydiyyatdan keçirib. O zaman Yaqub Eyyubovun oğlunun 27 yaşı vardı və Azərbaycan vətəndaşı idi. Şirkətin qeydiyyat ünvanı London, PRINCES GATE 55 göstərilib. Eyyubovun  Avropa Şurasında səfir olan oğlu Emin Eyyubov da daxil olmaqla Eyyubovlar ailəsi ümumilikdə Azərbaycanın “pulyuyan maşın”ından Almaniya və ABŞ-da geniş istifadə ediblər. Araşdırmalardan aydın görünür ki, Eyyubovlar əsasən İngiltərə, İsveç, Kanada, və Macarıstanda biznes qurublar. Yeri gəlmişkən, Eyyubovlar Qusarda 16 milyon manat dəyərində torpaq sahələri, fındıq bağları alıblar. Əlbəttə, bu, Eyyubovların Azərbaycandakı yeganə mülkiyyəti deyil. Onlarla ev, bahalı maşınlar da bu səltənətə daxildir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *