Nazim İbrahimov, Hacı İbrahim Nehrəmli, Tağı İbrahimov, Sahib İbrahimov adları sizə tanışdır. Bu qardaşlar YAP hakimiyyəti dövründə fantastik sərvətə sahib olublar və məsul sahələri də bərbad hala salıblar. Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədriydi. Onun rəhbərliyi dövründə hansısa ölkədə diasporamızın uğurlu fəaliyyətini, düşmən təbliğatını dəf etməsini, Azərbaycanın haqlı mövqeyini üstünlüyə çevirməsini görmədik. Amma hər fürsətdə xəbər tutduq ki, Nazim İbrahimov biznes qurub, pul kisəsini yekəldir. Bu adam Diasporla iş üzrə fəaliyyətə özünə məxsus şirkətlərin inkişafı kimi qiymətləndirib.
Məsələn, Almaniyanın Köln və Münxen şəhərlərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz mitinqləri keçirilmişdi. O zaman Diasporla İş üzrə Dövlət Komitəsi aksiyanın Kölndə təşkilinə 46147,16 manat, Münxendə təşkilinə isə 45163,93 manat pul silmişdi. Hər iki tədbirin təşkili üzrə satınalmalar tədbirdən cəmi bir neçə gün qabaq, 2017-ci il fevralın 7-də Azərbaycanda qeydiyyatdan keçirilmiş “SMART GLOBE İNN” MMC-yə həvalə edilmiş, bunun üçün yüz min manata yaxın vəsait bu şirkətin hesabına köçürülmüşdü. Reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi RAHİB ƏHMƏDOV XANƏLİ OĞLU, hüqüqi ünvanı NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 42, m. 58-dir. Başqa heç bir “fəaliyyəti” olmayan şirkət maliyyə ilinin sonunda (2018-ci ilin mayında) ləğv edilib. Nazim İbrahimovun Venesiyada da nəhəng biznesi üzə çıxıb. Eks sədr imkan tapıb, Yaxta biznesinə də girişib. Yeri gəlmişkən, Nazim İbrahimovun Novxanıdakı topdağıtmaz malikanəsini 6 milyon dollara satışa çıxarmasıyla bağlı da xəbərlər yayılmışdı. Qızı Kəmalə İbrahimova da xaricdə yaşayır. Onun xaricdə şəxsi biznesi də var. Kəmalə İbrahimova “DeCamie” moda evinin sahibidir.
Vergilər Nazirliyi “Skypark” Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur. Bundan əlavə Nazim İbrahimovun Ukraynada nəhəng metal biznesi mövcuddur.
Amma Nazim İbrahimovun əsas işləri qardaşları vasitəsilə həyata keçirilib. Onun milyarder qardaşı Hacı İbrahim Nehrəmli aparır. Hacı İbrahim ölkənin ən iri biznes qurumlarından «Avesta» konserninə rəhbərlik edir. Konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. «Günel LTD» MMC, «Həsən -96» MTK, «Həsən-96» MMC, «İlkan»MMC, «Azər-Ross» MMC, “Hüseyn -94» kiçik müəssisələri buna əyani misaldır. «SHİG İNVESTMENT LTD» Naxçıvanın Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması işləri ilə məşğuldur. Hacı İbrahim təkcə “Xəzər adaları” layihəsi ilə dövlətin 800 milyon manatdan artıq vəsaitini havaya sovurub. Hacı İbrahimin təkcə Qaradağdakı malikanəsindəki ağacların qiyməti yüzmin manatlarla ölçülür. Onlarla palma ağacı var ki, hər birinin qiyməti 2000 manatdır. İbrahimovların avtomobil kolleksiyasına “Bentley Mulsanne”, “Land Rover Range Rover (2014-cü il model), “Lincoln Navigator”, “Toyota Land Cruiser Mercedes-benz Viano” maşını var. Bütün maşınları “eksklüziv modellər”dir. Xüsusi sifarişlə hazırlanıb.Hacı İbrahim və Sahib İbrahimovun hərəsinin bir “Rolls Royce Phantom” (Eksklüziv variant) avtomobili var: Ağ rəngilisi Sahibdə, qara rənglisi isə Hacı İbrahimdədir. Nazim İbrahimovun digər qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin – STONE’S ENTERPRISES LTD-nin rəhbəridir. Qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub.
Tağı İbrahimov həm də “Nehrəm” MTK-nın təsisçisidir. Tağı İbrahimovun qız Gülşən İbrahimovanın “Magura” brendi Dubayda keçirilən möhtəşəm nümayişlərdə uğur qazanıb.
Digər qardaş Sahib İbrahimov isə “STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisidir. Bir vaxtlar Sahib İbrahimovun mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub. S.İbrahimovun sahibi olduğu “UNİX” MMC-yə məxsus 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil həmin əmlaklar sırasına daxil edilib. İbrahimovlara məxsus binalar, dükanlar, xırda ticarət obyektləri də var.
Dövlətin bulağından doyunca içə biliblər