Əflatun Tərcümeyi-halı “zəngin” olan hakimlərdən biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovdur.
Əflatun Qasımov onlarla siyasi işdə hakimlik edib və şərlənmiş insanlara nifrətini də gizlədə bilməyib. Keçmiş siyasi məhbus Anar Məmmədlinin Bəşir Süleymanlının, Cəmil Həsənlinin qızı Günel Həsənlinin işlərində sifarişli qərarları icra edib. Hazırda məhbus həyatı yaşayan Əvəz Zeynallının, “heykəl məhbusu” Qiyas İbrahimin məhkəmə proseslərində də Əflatun Qasımov öz “missiya”sını yerinə yetirib. Nardaran məhbuslarının məhkəməsində təqsirləndirilənlərin mahiyyəti üzrə danışmağına da imkan verməyib. Nardaran məhbusları bu şəxsin prosesi idarə etməsinə etirazlarını bildirmiş, digər hakimlə əvəzlənməsini tələb etmişdilər.
Əflatun Qasımov onlarla inzibati həbsin qərarını qüvvədə saxlayıb. AXCP RH üzvü İlham Hüseynin narkotiklə şərlənməsini heç bir vəsadət təmin etmədən təsdiqləyib. Ümumiyyətlə, Əflatun Qasımov siyasi sifarişlə həbs edilənlərin hadisəni danışmağına, fakt gətirməyinə imkan verməyən, vəsadətləri rədd edən, 100 faizlik dəlilləri görməzdən gələn bir hakimdi. Və bu dəyərin, bu iradənin, bu təfəkkürün sahibi hakim olmamalıdır.