23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

“Alabula” Şərifovlar

Baş nazirin keçmiş müavini, “Alabala” adıyla mətbuatın gündəminə düşən Abid Şərifov da YAP hakimiyyəti dövründə sərvətə sahib olanlardandı. Şərifovun nəvəsi, qızı, həyat yoldaşı qəfil biznesmenə çevriliblər.  Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov LONDON CAPSULE LIMITED şirkətini  İngiltərə paytaxtının Durweston Street 17 ünvanında qeydiyyatdan keçirib.  Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olur. Nicat Mahmudov  6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Daha əvvəl təsis etdiyi şirkətin adı isə ABEONA GLOBAL LIMITED-dir. Şərifovun nəvəsi restoran biznesi sahəsində uğurlara imza atıb. Londondakı Buta Lounge barı da Nicat Mahmudova məxsusdur. Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Nominal dəyərlə, bu, 56 min manata yaxın bir məbləğ edir. Lakin nəzərə alsaq ki, təkcə 2012-ci ilin nəticələrinə görə bu şirkətin aktivləri 275,5 milyon manata çatmışdı, səhmdarlara aid kapital isə 120 milyon manata çatırdı. Söhbət Şərifovlara məxsus səhmlərin, təxminən, 14,5 milyon manat həcmində kapitallaşmasından gedir. Şərifovların “EVRASCON” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar.  “Azərkörpü” ASC-də Şərifovlara məxsusdur və bu şirkət onlarla tenderdə qalib gəlib. 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Abid Şərifovun həyat yoldaşı Sədayə xanım “Kəpəz-S” Firmasının 3 ortağından biridir. Abid Şərifovun oğlu  Elçin  Şərifov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Abşeron filialına rəhbərlik edib. Abid Şərifovun ailə üzvlərinin səhiyyə və turizm sektorlarında da təmsil olunduğuna dair bilgilər var. Belə ki, Bakıdakı “Optimed” klinikasının onun kürəkəni, Ədliyyə Naziriliyinin Penitensiar Xidmətinin 16 nömrəli cəzaçəkmə müəsisəsinin rəisi vəzifəsini daşıyan Məmməd Mahmudova məxsus olduğu bildirilir. Nərimanov rayon İcra Hakimiyyəti də bu özəl klinikanın direktorunun Təranə Abid qızı Mahmudova olduğunu açıqlayır. Əslən Şəkidən olan Abid Şərifov  burada müasir və dəbdəbəli, “Şəki Parkı“ adlanan istirahət mərkəzinin də sahibidir. O, mətbuata açıqlamasında bildirmişdi ki, istirahət mərkəzi nəvəsinə məxsusdur. Abid Şərifovun qızı Təranə  Mahmudova  Çexiyada “Olimpik Company s.r.o.” şirkətinin payçılarından və idarəedicilərindən biri olub. O eyni zamanda “A.N.N.N” MMC-nin direktorudur. Şirkət kasmetologiya xidmətləri göstərir. 2017-ci ilin sonunda isə T. Mahmudovanın iştirakı ilə daha bir şirkət – “Güvən 2017” MMC yaradılıb.  Ukraynanın metallurgiya qiqantı “İnterpipe” korporasiyası 2000-ci ilin mayında Bakıda “İnterpipe-Azərbaycan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsi təsis edib. Birgə müəssisənin Azərbaycandan olan tərəfdaşının adı açıqlanmayıb. Məlum olansa budur ki, şirkət bir başqa yerdə deyil, A.Şərifovun bankir oğlunun mənzilində qeydə alınıb. Şərifovların sərvətinə villalar, bahalı avtomobillər də daxildir. Bizim yazdıqlarımız Şərifovlar səltənətinin məlum olan hissəsidir. Azərbaycanda yüksək vəzifə tutan adamların bütün ailə üzvlərinin “peşəkar biznesmen”ə çevrilməsi adi haldır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *