Adı korrupsiya qalmaqallarında, “pulyuma əməliyyatları”nda hallanan, ölkənin varlı adamlarından hesab edilən məmurlarından biri də Balababa Rzayevdi. 2018-ci il sentyabrın 4-də İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova Yeni Azərbaycan Partiyasının üzvləridir. Ailənin biznes uğurları 2006-cı ildən sonra, yəni, Balababa “Bakıelektrikşəbəkə” yə sədr təyin edildikdən sonra çiçəklənib. 2010-2013-cü illərdə təkcə 4 tikinti müqaviləsi üzrə “Azenco” ASC-yə 285,9 milyon manat ödənilib. Uzun illər ölkənin elektrik enerjisi istehsalı obyektlərinin təmir-tikinti işlərində B.Rzayevin sələfi Etibar Pirverdiyevin nəzarəti altındakı “Azenco Group” MMC-nin və onun “Azenco” ASC törəmə şirkətinin inşaatçıları çalışırdılar. 2018-ci ilin iyulunda baş verən və ölkəni qaranlığa qərq edən “enerji kollapsından” sonra onların yerini Baba Rzayevin ailə şirkətləri tutmağa başlayıb. 2018-ci ilin 4-cü rübündə “Azərenerji” ASC müxtəlif xarici və yerli şirkətlərlə 447 müqavilə bağlayıb. Ən çox əməkdaşlıq edilən şirkətlər arasında “Gatdigital” QSC, “Electro İndustries” QSC, “Farcon” MMC, “Caspian Sell” MMC, “Azconstruction” QSC də var”. Qurumun 2018-ci il üzrə fəaliyyət hesabatında belə deyilir. Bu şirkətlərin demək olar ki, hamısı birbaşa və dolayısıyla Rzayevlər klanına bağlıdır. Məhz tenderlərin sayəsində Baba Rzayev qiyməti on milyon dollarları aşan dəbdəbəli villalara sahib olub. Yüzlərlə şirkət yaradıb. Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.“Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” şirkətlərinin Azərbaycandakı rəsmi distribyüteri də “Santral Elektrik”di. Baba Rzayevin qardaşları Rahib və Emin Rzayevlər də varidatına görə geri qalmırlar. Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri «Santral Elektrik»lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. Belə ki, “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub. Qeyd edək ki, 4 – oktyabır 2018 – ci il Baba Rzayevin qardaşı Emin Rzayev, Mingəçevirdən olan iş adamı Rəşad Şirinovu qəbul edib və onunla danışaraq Emin Rzayev bir şirkət açmalarını xahiş edib. Bu şirkətin şifahi olaraq butun məsələlərini boynuna götürüb. Rəşad Şirinov da “YapSan” MMC şirkəti qurub. Yapsan MMC – nin direktoru kimi qardaşı Şirinov Taleh Əzizalı oğluna verir. Nə hikmətdirsə, nə şansdırsa bütün tenderləri də Balababanın ailə şirkətləri udub. “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Göknur Bakı LTD” MMC olub. Cəmiyyət “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə “Göknur Bakı LTD” MMC şirkətinə 17 milyon 264 min 667 manat ödəyib.
Məlumat üçün bildirək ki, “Göknur Bakı LTD” MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan, NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur. Yeri gəlmişkən, məlumata görə işğaldan azad edilmiş ərazilərdə işlərin aparılması məqsədilə 26 tender keçirilib və hamısında Balababanın oğlu və kürəkəninin şirkətləri qalib gəlib. Əksər layihələri həyata keçirən “Farcon” QSC şirkəti Balababanın kürəkəni Fərid Fərhadzadəyə məxsusdur. “FF Construston” MMC 15 il öncə yaradılıb. Hüquqi ünvanı F.Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Mənzildə həm də onun atası – Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fərhadov yaşayır. FF Şirkətlər Qrupuna Azərbaycandan kənarda fəaliyyət göstərən “Magnum Ltd” (RF, Moskva, 2017-ci il), “FF Group” MMC (Qazaxıstan, 2016), “FF Grup İnşaat Sanayi ve Ticaret A.Ş” (Türkiyə, 2015), “FF Group Georgia” (Gürcüstan, 2017), “Nikel Metal” MMC (Bakı, 2008), “Nikel Metal” MMC (Qazaxıstan, 2013) şirkətləri daxildir. «Magnum Ltd» şirkətinin təsisçisi də Fərid Fərhadzadədir. Bakıda əlvan metallardan hazırlanan tikinti materiallarının satışı ilə məşğul olan “Nikel Metal” MMC-ni o, türk iş adamı Musa Koçerlə birlikdə yaradıb. Qrupun İstanbul və Tbilisidəki qollarının təsisçisi kimi Ayaz Üzeyir oğlu Soltanov təqdim olunur. Rəsmi sənədlərə görə, A. Sultanov həm də 2020-ci ilin fevral ayında Türkiyədə təsis olunan “Alufar Alüminyum Sanayi ve Ticaret Limited” şirkətinin sahibidir. Azərbaycanda isə “Alufar” MMC 2017-ci ildə yaradılıb. Alüminiumdan sənaye və mebel profilləri, mebel aksessuarları və fasad sistemləri satışı ilə məşğul olan bu şirkət elektrik avadanlıqları istehsal edən “GBS” şirkəti ilə eyni ünvanı paylaşır. Həm “Alufar” MMC-yə, həm də “FF Şirkətlər Qrupu”nun baş şirkəti olan “FF Construction” MMC-yə Ayaz Soltanov rəhbərlik edir. Baba Rzayevin ailə mülkiyyətində olan “Zirə Aqrorark” MMC-nin direktoru da odur”. Bəli Başda Baba Rzayev olmaqla, bu klan böyük bir biznes imperiyasına malikdir. Və təəssüf ki, bu imperiyanı bir yazıya sığdırmaq çətin məsələdir. Xatırladaq ki, Balababa ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» adına layiq görülüb, 2017-ci ilin yanvar ayında MDB üzv ölkələri Elektroenergetika Şurasının Qərarı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülmüşdür. Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden ilə təltif olunub.