23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Cavid Qurbanovun qurbanı olan pullar

Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin eks sədri Cavid Qurbanov ölkənin ən varlı adamlarından hesab edilir. Cavid Qurbanovun dəmir yollarındakı “əməliyyat”larından yazı yazsaq, qalın kitab alınar. Bu sahədə yeyintinin miqyası rekord həddə olub. 5 manatlıq detal, 55 manata rəsmiləşdirilib. Dəmir yollarının işçiləri isə dilənçi maaşına məhkum edilib. Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir.  O, 27 avqust 2002-ci il tarixdə 0102-A1-801 nömrəsi ilə dövlət qeydiyyatına alınan “Qlobal Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1700395751) yenidən təşkil olunması və adının dəyişdirilməsi nəticəsində formalaşıb. Əvvəlcə “ACC” ASC adını daşıyan şirkət, sonradan (iyun, 2013-cü il) ikinci dəfə rebrendinq edib və hazırda “Azercon” ASC adlanır. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir. Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin (Türkiyə, əvvəlki adı: “Bay-En Enerji Üretim A.Ş.”) səhmlərinin 55 faizinin (704.000 lirə) sahibidir. Digər ortaqlar isə iş adamları Saim Dayı və Rahmi Dayıdır. Lakin öncəki illərdə sirkətdəki 1.128.000 lirə dəyərində paylar Şəntürk ailəsinin altı üzvü arasında bölünmüşdü. Elə “Aga Enerji” ilə Şəntürk ailəsinə məxsus “Bayburt İnşaat” şirkətinin ünvanı da eynidir: İşık küçəsi, 20, Tandoğan, Çankaya/Ankara. Bu şirkət Türkiyədə dəmir yolu (Ankara-İzmir, Menemen-Manisa), metro (İstanbul: İkitelli-Ataköy, Kirazlı), avtomobil yolları (Çaycuma-Zonquldağ, Erzurum-İspir, Adana Dairəvi yolu və s.) və hava limanının (Artvin şəhəri) tikintisi layihələrinin icrası üzrə tenderlərin qalibidir. Türkiyə mediasının yazdığına görə, “Aga Enerji” şirkəti 2013-cü ildə bu ölkədə keçirilən satınalma müsabiqələrindən birinə Bakıda metro tikintisində iştirak etməsi və işi tamamlaması barədə saxta sənəd təqdim edib.  Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb. “Süsən Aqro” MMC 2011-ci ildə “Baltech İnvestments” MMC, “S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur. Sahələrdə müasir “yağış” suvarma sistemləri qurmuş şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var. Şirkətin Türkiyədəki internet səhifəsində onun bu ölkədə də əkinçiliklə məşğul olduğu barədə məlumat əksini tapıb. “Süsən Aqro” MMC-nin ilk direktoru Yaşar Rasim oğlu Səmədov olub. O, həm də “ADY Express LLP” partnyorluğunun payçısı (25 faiz və ya daha az), “Azercon Holding Limited” ofşor şirkətinin hüquq müşaviri, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edən “Yaşa İnşaat” MMC-nin direktorudur. “Retro Park”MTK 2014-cü ildən Bakıda, “Ağ Şəhər” ərazisində 11 blokdan ibarət çoxmərtəbəli yaşayış kompleksi inşa edir “Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə, bu ölkədə qurulmuş “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qənbər Şəmşir oğlu Qurbanovdur. Sənədlərdə Q. Qurbanov ünvanı kimi Bakı şəhəri, Qara Qarayev küçəsi, ev 2A, 94 nömrəli mənzil göstərilir. Burada Cavid Qurbanov və onun ailə üzvləri qeydiyyatdadır. 2006-cı ildə yaradılan “S+S Qrup” və Bakı şəhərində beton istehsalı ilə məşğul olan “İnter-Teknik” şirkətləri də bu mənzildə dövlət qeydiyyatına alınıb. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Q. Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb. Sonrakı illərdə onun bankdakı payı 18,66%-ə düşmüşdü. Hüquqi ünvanı: Bakı şəhəri, S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115 olan şirkət də C. Qurbanovun təsir dairəsindədir. Jurnalistlər mənzilin yerləşdiyi ünvanda olub və müəyyən edib ki, o, kirayəyə verilib.

Bu ünvanda “Sigmatech” MMC, “Spartak1980” MMC, “Alazan İnşaat” MMC, “ASCL” MMC, eləcə də “Süsən Aqro” MMC, “Retro Park” MTK, “Azercon” ASC, “Yüksel Proje-Caspian” QSC, “Azrustrans” QSC (təsisçilər: ADY QSC- 51%, “Rusagrotrans” QSC, Rusiya – 49%),”MSP İnternational AZ” MMC (Moravia Steel A.S – Çex Respublikası, 95% və ADY QSC – 5%), “Reylvey Servis Geo” ofşor şirkətinin filialı qeydiyyata alınıb. Bundan əlavə Cavid Qurbanovun Slavakiyadan tutmuş,  Türkiyəyə qədər müxtəlif biznesləri var. Bakı şəhərində 28 mənzil, Vişnovkada dəyəri miıyonlarla ölçülən bağ evi var. Hazırda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışan  Cavid Qurbanovun vəzifədə olan yaxınları ilə bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb.  Şərti olaraq “Kəlbəcər klanı” adlandırılan Cavid Qurbanovun vəzifəli qohumlarının siyahısı:  Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Eldar qızı Qasımova – Cavid Qurbanovun həyat yoldaşı,  Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,  Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,  Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, “Az-Qo” MMC və “Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,  Milli Məclisin deputatı Aqil Məmmədov – Cavid Qurbanovun əmisi oğlu,  Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi,  Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,  Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov – əmisi oğlu  Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,  Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,  Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,  Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,  “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,  “KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu.  Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov – Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir,  Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı – Cavid Qurbanovun yaxın adamı,  Parlamentin deputatı Jalə Əliyeva – Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri,  Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs, Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov – Cavid Qurbanovun qohumudur. Beləliklə, keçmiş dəmiryolçu Cavid Qurbanov özünə və ətrafına əla şərait yaradıb, dövlət bulağından ciblərini yaxşıca suvarıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *