“İşgəncə kralı” kimi tanınan şəxslərdən biri də Fikrət Qafarovdu. Bu şəxs əvvəlcə Qobustan həbsxanasının, sonra 2 saylı CÇM-nin, daha sonra isə 10 saylı CÇM-nin rəisi olub. Məlumatlı şəxslər bildirirlər ki, Qafarovun müxtəlif CÇM-lərə təyinat almasının səbəbi məhbusları “ram” etmək bacarığıdır. Şahidlərin bildirdiyinə görə Fukrət Qafarov ömürlük məhkumlara şəxsən özü ağır işgəncələr verirmiş. Və hər dəfə adamının güclü olduğunu, heç bir şikayətdən qorxmadığını dilə gətirirmiş.
Ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri, ömürlük məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova bildirib ki, Qobustan həbsxanasına 1998-ci ildən bu günə kimi 10-dan artıq rəis təyin olunub. Onun sözlərinə görə, Fikrət Qafarov həbsxana təyin edilmiş 12-ci rəisdir: “2-3 rəisdən başqa bütün rəislər kobud qanun pozuntuları, məhbuslara qarşı qəddarlıqları, işgəncələr və cinayət xarakterli hərəkətlər ediblər. Onların heç biri məsuliyyətə cəlb olunmadan təqaüdə göndəriliblər. Onları bu yolla “cəzalandırılıblar”. Fikrət Qafarov yeganə rəisdir ki, dövlətimizin ali qanunlarını tanımır, hətta onun hərəkətlərindən dövlət başçısına, baş prokurora, ədliyyə nazirinə şikayət ediləcəyinə dair iradlara belə cavab verir ki, kimə istəyirsən get yaz, mən kimsədən qorxmuram. Fikrət Qafarov arxayınlıqla qəddar hərəkətlərini bu gün də davam etdirir”.
Fikrət Qafarov məhbuslara təkcə fiziki deyil, mənəvi işgəncələr tətbiq etməkdən həzz alan rəislərdəndi. Fikrət Qafarov hökumətin xoşuna gəlmək üçün siyasi məhbuslara qarşı xüsusi qəddarlıqlar həyata keçirib. Keçmiş siyasi məhbus Fuad Əhmədli yazır ki, Fikrət Qafarovun Qobustan Həbsxanasından azad edilərək 2 saylı CÇM-ə gətirilməsində və Şakir Qəniyevin də ona muavin təyin edilməsində məqsəd Rəşad Ramazanlı, Qiyas İbrahimov və İlqar Məmmədov kimi tanınmış siyasi məhbuslara təzyiq məqsədi güdüb. Ayrıca, daha sonra 2019-cu ildə Şakir Qəniyevin 15, Fikrət Qafarovun isə 10 saylı CÇM-ə təyin olunmalarının səbəbi 15-ci kalonda dindar məhbuslara, xüsusilə Səid Dadaşbəyliyə və 10 cu kalonda saxlanılan Orxan Baxışlı ya təzyiq göstərmək olub. Təsadüfi deyil ki, Orxan bəy məhz Fikrət Qafarov təyinatının ilk günlərindəcə 15 sutkalıq əsassız yerə karsa bağlanmış, 2 saylı CÇM-də Qiyas İbrahimova, Rəşad Ramazanlıya və İlqar Məmmədova isə edilən təzyiqlər intensivləşmişdir. Başqa bir məlumat bundan ibarətdir ki, Fikrət Qafarov seçkiyə getməyən məhbuslara da işgəncə verdirib, məcburi səsvermədə iştirak etməyə göndərirmiş.