Adı Azərbaycan ictimaiyyətinə tanış olan, vəzifə səlahiyyətlərindən süi-istifadə edən şəxslərdən biri də Mirqafar Seyidovdur.
O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi , Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. “Bandotdel”in rəisi olduğu dövrdə M. Seyidovun qəddarlığı, həbs olunmuş şəxslərə qarşı amansız işgəncələr verməsi zaman-zaman mətbuatın diqqətini cəlb edub. Seyidov ictimai-siyasi fəallara qarşı da xüsusi düşmənçiliyiylə seçilib.
“Heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova işgəncə verilməsində şəxsən iştirak edib. “Məni BŞBP-nin rəisi Mirqafar Seyidovun yanına apardılar. Qollarım arxadan qandalda idi. Otaqda olan bir nəfər mənə dedi ki, otur. Mən oturmaq istədikdə Mirqafar Seyidov bildirdi ki, onun qabağında oturmurlar, diz çökürlər. Həmin an məni gətirən əməkdaş dizimin arxasından təpiklə vurdu və mən dizi üstə düşdüm. Mən qalxmağa cəhd edəndə Seyidovun yanında olan keçəl baş (özünü dövlətşünas kimi təqdim edirdi) kəmərimi çıxarmağı əmr etdi. Mənim saqqalımdan və saçımdan tutaraq kəmərimi çıxardılar və kəmərimlə məni döyməyə, alçaltmağa başladılar” deyə Qiyas İbrahim məhkəmədə bildirib.
Qeyd esək ki, 23 beynəlxalq təşkilat ABŞ Dövlət Katibi Reks Tillerson və maliyyə naziri Steven Mnuçinə müraciət ünvanlamışdılar və həmin müraciətdə Bakı Baş Polis idarəsinin rəisi Mirqafar Seyidov və 14 başqa xarici rəsmiyə qarşı sanksiyalar tətbiq edilməsinə çağrırış edilmişdi. “Seyidov qurbanlardan birini zorlama ilə hədələyib, digərlərinə isə polis idarəsinin tualetini təmizlədib və olayı lentə alıb” deyə, məktub müəllifləri ABŞ nazirlərinə xatırlatmışdılar. Mirqafar Seyidov dinc mitinq üçün BŞİH-ə müraciət edən müxalifətçiləri BŞBPİ-yə çağırmış, “mənim şəhərimdə bir də mitinq keçirilməyəcək” demişdi. Hətta bu fikirlərini mətbuata müsahibəsində də səsləndirmişdi. Göründüyü kimi bu adam heç bir qanun, hüquq tanımamış, rejimin sifarişlərini canla-başla yerinə yetirmişdi. Onu da qeyd edək ki, Seyidov bu illər ərzində özünə böyük biznes imperiyası da yaradıb.