23 January 2025
Aktual Manşet Qaraj avtolar Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Nağıyevin imperiyası

DTX rəhbəri Əli Nağıyevin  biznes imperiyası Bakıdan Böyük Britaniyanın Vircin adalarına qədər, Çexiyadan  Türkiyəyə qədər böyük ərazini əhatə edir. Əli Nağıyevin oğlanları İlqar  və İlham  Praqada “AME Holding” adlı kompaniyaya rəhbərlik ediblər. Bu holdinq Azərbaycan hakim elitası üçün cəlbediciliyi ilə məşhur olan Çexiya Respublikasına daşınmaz əmlak sahəsində böyük investisiyalar yatırıb. Hazırda bu holdinq Vircin adalarında qeydiyyatdan keçmiş və yeganə səhmdarı İlham Nağıyev olan “Nettle Stone Investments Ltd” şirkətinə məxsusdur. İlqar Nağıyev “Imperial Holding” adlı daşınmaz əmlak şirkəti ilə yanaşı Çexiyada “JGY Czech” şirkətinə də rəhbərlik edir. Nağıyevlər ailəsi həmçinin “Panorama VVM” şirkəti ilə əlaqəlidir. Bu şirkət Azərbaycan vətəndaşı Pərviz Məmmədova məxsusdur. Pərviz Məmmədov “Nağıyev İmperiyasının” Azərbaycan və Çexiyadakı şirkətlərinin meneceridir. İlqar Nağıyev həm də Bakıda 2008-ci ildə qeydiyyatdan keçmiş “Romb LLC” adlı şirkətin direktorudur. Nağıyevlər  “ER & ER Group-A LLC”; “Etalon NM” (“Romb LLC” ilə eyni gündə təsis olunub); Bakı Alüminium Sənayə MMC və “Life Style” sağlamlıq mərkəzinin də sahibidir. Bakının Nərimanov rayonundakı 17 mərtəbəli “Life center” də  Nağıyevlər ailəsinin üzvləri və kompaniyalarının hüquqi ünvanıdır. Əli Nağıyevin qardaşı, 2015-ci ildə Dövlət Miqrasiya Xidmətinə rəis müavini təyin edilmiş, amma qanunun tələblərinə zidd olaraq, bu təyinatdan sonra da sahibkarlıq fəaliyyətini dayandırmayan Vəli Nağıyevə məxsus müəssisə də bu binada yerləşir. Onun şirkəti Türkiyə, Çexiya və Azərbaycanda tikinti və turizm sektorunda çoxmilyonluq layihələrə malikdir. “Lotos”, “Diqlas” ticarət mərkəzləri də Nağıyevlərə məxsus idi. Ə.Nağıyevin biznes obyektləri sırasında “Körpü” ticarət mərkəzi, uşaq bağçası, klinika, “Sərhədçi” İdman Kompleksi, metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı çoxsaylı ticarət mərkəzləri sırası, “Ağ Saray”, “İnci”, “Nazlı” “Şır-şır”, “Relax”, “Qızılboğaz” və s. restoranları da var. Nağıyev qardaşlarının ən ambisiyalı layihələri Marians Laznda olan “Hotel Palace Europa”-nın rekonstruksiyasıdır. Təbii ki, bu yazılanlar Nağıyevin varidatının bir hissəsidir. Görünən budur ki, Azərbaycanda vəzifə tutmaq xalqa xidmət üçün deyil, dövləti soymaq üçündür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *