Təəssüf ki, yaşadığımız ölkədə polis adına ləkə olan, qanunsuz tapşırıqları icra edən, insan həyatını rahatlıqla qaraltmağa razı olan polis nəfərləri də var. Belələrindən biri də Bakı Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayevdi. Bu şəxs siyasi sifarişlə həbs edilənlərin evindən, cibindən narkotika “tapmaq” üzrə ixtisaslaşıb.
AXCP Gənclər Komitəsinin üzvü, keçmiş siyasi məhbus Orxan Baxışlının həbsi zamanı Şirəli Babayev “qabiliyyət”ini işə salmışdı. “Əgər o görüntülərə baxış keçirilsəydi, görünərdi ki, mənim günahım yoxdur. Mən bilirəm ki, bu məhkəmə də heç nəyi dəyişən deyil. Amma heç olmasa, azacıq vicdanınız olsun, düzünü deyin, yazın ki, səni buna görə həbs eləyirik. Mənə ən ağır cəza, hətta ölüm cəzası da versəniz, bunu gülə-gülə qarşılayardım. Amma hamı bilsin ki, mənim cibimə narkotikanı Şirəli Babayev atdı və sonra da cibimdən çıxartdı”- deyə Orxan Baxışlı məhkəmədə bildirib.
“Heykəl məhbusu”, mərhum Bayram Məmmədovla bağlı da oxşar hal başvermişdi. Onun evində axtarış aparılarkən Şirəli Babayev narkotika tapıb. B.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, həmin narkotikanın ona aid olmadığını bildirmişdi. Bu ölkədə hamı bilirdi ki, Bayram Məmmədov Heydər Əliyevin heykəlinə “qul bayramın mübarək” yazdığına görə həbs edilib. Yoxsa, narkotikaya görə bir gəncə niyə ağlagəlməz işgəncələr verilməliydi. Narkotiklə şərləmək hakimiyyətin sevimli üsullarından biridir və Şirəli Babayev kimi polis adına ləkə olanlar da bu üsulu həyata keçirməklə məşğuldu.