Siyasi sifarişlə həbs edilmiş şəxslərə “torba tikmək” üçün istifadə edilən şəxslərdən biri də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Tərlanov Elman Zöhrab oğludur.
Bu şəxslə bağlı ilk məlumat MBH üzvlərinə həbsi zamanı ortaya çıxmışdı. Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov deyir ki, 2015-ci ildə həbs olunanda Sabunçu rayon Polis İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dəyənəklə döyülməkdən tutmuş, bədəninə elektrik cərəyanı verilməsinə qədər günlərlə işgəncəyə məruz qalıb və bu əməliyyatın əsas iştirakçısı Elman Tərlanov olub.
“14 gün orada həm fiziki, həm də mənəvi işgəncə verdilər. Həm ayrıca işgəncə otaqlarında, həm də kabinetlərdə. Əməliyyatçılardan əlavə, bəzən şöbə rəisləri, müavinləri də işgəncə verirdi. “Bandotdel”də başı qotazlı, tikanlı dəyənək vardı, onunla başımıza, bədənimizin harasına gəldi, vururdular. Özü də əllərim qandallı vəziyyətdə. Nardaran hadisəsindən sonra evlərə silah-sursat qoyub-çıxarırdılar. Terror, dövlət çevrilişi ittihamlarına əsas yaratmaq üçün silahla bağlı etiraf ifadəsinə görə mənə günlərlə işgəncə verdilər. Axırda yaxınlarımızla hədələdilər”. Elman Tərlanov AXCP Mıtbuat Xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun həbsi zamanı da şəxsən “nümunə” göstərib. Murad Ədilova da bildiriblər ki, səni qardaşının fəaliyyətinə görə cəzalandırırırq.
Murad Ədilov danışır ki, onu kiçik fasilələrlə 1 saata yaxın döyüb, sonra dayanıblar. Əlləri qandallı vəziyyətdə kabinetdə oturduğu vaxt otağa onun həbs olunduğu əməliyyata rəhbərlik etmiş Elman Tərlanov daxil olub: “Dəyənəyi aldı, bu dəfə yerə yıxmaq olmadı, elə oturduğum yerdə haramdan gəldi vurmağa başladı – baş, ayaq, qol… Vura-vura söyürdü ki, sən necə qol çəkmirsən? O birilər də buna qoşuldular. Otaqda hamı vururdu. Təpiklə vuran kim, şillələyən kim, dəyənəklə vuran kim… Təxminən bir saat da belə davam elədi. Yenə qol çəkmədim”.
Elman Tərlanov satrik şair Tofiq Həsənlinin həbsi zamanı da iş başında olub. Müxalifətin təşkil etdiyi mitinqdə hakimiyyəti kəskin tənqid edən Şirinbacı Rzayevanın oğlu İ. Rzayevin narkotiklə şərlənməsi ssenarisində də Elman Tərlanovun böyük rolu olub. Sadalanan faktlardan göründüyü kimi bu şəxs üçün insan həyatının, sağlamlığının, azadlığının heç bir önəmi yoxdur. Polis forması geyinmiş zombidir. Təsadüfi deyil ki, Siyasi Məhbusları Müdafiə Komitəsi bu şəxsin adını insan haqlarını pozan şəxslərin sırasına salıb.