Milli təhlükəsizliyimizin eks naziri Eldar Mahmudovun adı hamınıza məlumdur. Zaman göstərdi ki, ölkə üçün ən böyük təhlükə bu şəxsin özü və qaniçən ətrafı imiş. İş adamlarını oğurlayıb şantaj etmək, günahsız adamlara işgəncə vermək, özəl həbsxana saxlamaq, adamlardan zor gücünə pul tələb etmək kimi idbar işlərlə məşğul olurmuşlar. Amma bu ölkədə hüququn evi yıxıldığı üçün mafiyanın başçısı Eldar Mahmudov da, əsabələri də azadlıqda gəzir.
Bu adam 11 il nazir işlədiyi dövrdə özü üçün biznes imperiyası qurub. Daha doğrusu insanların canı-qanı, dövlətin sərvəti bahasına özünə cənnət yaradıb. Eldar Mahmudovun xanımı Tahirə Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışıb. O, Konfederasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra o, öz ərizəsi ilə işdən çıxıb. Daha sonra keçmiş nazirin vəzifə daşıyan qohumları da üzə çıxdı. Belə ki, Mahmudovun vəzifədən gedişindən sonra nazirin qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edildi. Nazirin digər qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova da qapını göstərdilər.
Eldar Mahmudovun bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışırdı. Onun işlərinin necə getməsi ilə bağlı hələlik məlumat yoxdur. Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.
Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub. Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir.
Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri tələbatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “DBucati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir.
Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Anar Mahmudov Azərbaycanda “Diqlas-1” MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, “Diqlas-1” MMC isə 2010-cu ildə yaradılıb. Nazir işlədiyi dönəmdə – 3 avqust 2012-ci ildə o, “Royals” Turizm İnşaat Sanayi Ticaret Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazarlarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Anar Mahmudov Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir. Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir.
Gəlin, İspaniyadakı şirkətlərə göz ataq. Anar Mahmudovun İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015 -ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir. İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. Majorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyondan bir az azdır .
Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco .M” şirkətləri 2015-ci ildə yaradılıb. Ölkədə isə onlarla ev, avtomobil, iri və xırda ticarət obyektləri Mahmudovların nəzarətində olub. Milli təhlükəsizliyə təminat verməli olan adam, anti-milli və anti-insani fəaliyyəti ilə dövlətə və vətəndaşlara ağır zərbələr vurub.