Adı “qara siyahı”ya düşmüş şəxslərdən biri də Baş Prokurorluğun İstintaq İdarəsinin Xüsusi ilə Mühüm İşlər üzrə böyük müstəntiqi Qasım Məmmədovdur.
Bu şəxs siyasi xarakterli işlərdə müstəntiq kimi fəaliyyət göstərmiş, hakimiyyətin sifarişiylə qeyri-qanuni addımlar atmış, saxta ittihamlara hüquqi don geyindirmişdi. Qasım Məmmədovu daha çox NİDA-çı gənclərin həbsindən tanıyırıq. Həmin qondarma iş zamanı Qasım Məmmədov gəncləri bir-birinə qarşı ifadə verməyə, saxta senarini təsdiqləməyə məcbur etmişdi. Məsələn, şərlənərək 6 il müddətində azadlıqdan məhrum edilmiş İlkin Rüstəmzadə deyir: “Mən Qasım Məmmədova ifadə verəndə dedi ki, Rəşada qarşı ifadə ver, həbs olunmayacaqsan, ölkədən getməyinə də şərait yaradılacaq. Bildirdim ki, Rəşada qarşı heç bir ifadə verməyəcəm. Rəşadla bağlı bu təzyiq kampaniyası əxlaqsızlıq idi. Rəşadın əleyhinə ifadədən imtina edəndə Qasım Məmmədov o biri müstəntiqə dedi ki, artıq gecdir, məhkəmələr bağlanıb. Mənə də dedilər ki, sabah gələrsən. Bildim ki, məni həbs eləmək istəyirlər. Ona görə çıxan kimi mediaya açıqlama verdim ki, mən heç bir partlayıcı, molotov hazırlamamışam. Heç kimə ”Molotov kokteyli” verməmişəm. Ona görə ertəsi gün məni həbs edəndə ittiham xuliqanlıq oldu”.
Qasım Məmmədov keçmiş siyasi məhbus Hilal Məmmədovun, jurnalist Rauf Mirqədirovun səs-küylü işlərində də ön sırada olub. Mingəçevir hadisələrini işıqlandıran, müxalifyönlü saytlarda işləyən jurnalistləri istintaqa cəlb edən də məhz Qasım Məmmədov olub. Məlumata görə “Tərtər işi”nin istintaqı zamanı da Qasım Məmmədov xüsusi qəddarlıqlara imza atıb. Amma digər “qara siyahı” sakinləri kimi Qasım Məmmədov da «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub və vəzifə pilləsində irəli çəkilib.